Erməni kilsəsi təxribat yuvasına çevrilir | Ədalət Verdiyevin yazısı

// Üç qüvvə Ermənistanı vətəndaş müharibəsinə sürükləyə bilər

   Erməni kilsəsi təxribat yuvasına çevrilir    | Ədalət Verdiyevin yazısı
  04 May 2024    Oxunub:2587
Ermənistan mayın 15-nə qədər Qazax rayonunun kəndlərini geri qaytaracaq. 12 km.-lik şərti dovlət sərhədinin delimitasiyası başa çatıb, minalardan təmizləmə və demarkasiya prosesi isə davam edir. Basdırılan sərhəd dirəklərinin sayı artır. Ermənistan ordusunun 4 kənd istiqamətində 30-dan çox döyüş mövqeyi sökülüb, ümumilikdə müdafiə və atəş sistemi çöküb.
Erməni tərəfində sərhədlərin müəyyənləşdirilməsi prosesinə mane olmağa çalışanlar var. Ermənistanın Tovuzqala rayonunun Günən kəndində (digər Azərbaycan toponimləri kimi bu kəndin adını da Ermənistan dəyişərək “Kirants” qoyub) davam edən etiraz aksiyalarına erməni apostol kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan rəhbərlik edir. Ən azından foto və videolarda bunu görürük. Əslində isə iki ölkə arasında əldə olunan ilkin razılaşmaların əleyhinə fəaliyyətləri idarə edən Nikol Paşinyanın köhnə düşməni katolikos II Qaregindir. Baqrat Qareginin yaxın adamıdır.


“Qarabağ klanı”na daxil olan cinayətkar siyasətçilər də da əvvəllər olduğu kimi, yenə ortaq maraqlar çərçivəsində erməni kilsəsi ilə sinxron fəaliyyət göstərirlər.

Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesi ətrafında baş verən son hadisələr zamanı erməni kilsəsinin təxribatları əslində yenilik deyil. Uzun illər boyu Azərbaycan ərazilərinin işğalını və talanmasını, mülki insanların qətlini dəstəkləyən erməni apostol kilsəsini yaxşı tanıyırıq. İndi bu kilsə Nikol Paşinyan ilə arasında olan gərgin münasibətləri Ermənistan daxilində vətəndaş qarşıdurmasına çevirə bilib. Yaxın perspektivdə apostol kilsəsinə qarşı adekvat tədbir görülməsə, Ermənistanda vətəndaş müharibəsi də mümkündür. Orada ağlı başında olan hər kəs yaxşı anlayırdı ki, kapitulyasiya aktları imzalanandan sonra işğal altındakı Azərbaycan torpaqları ya xoşluqla, ya da güc yolu ilə əsl sahiblərinə geri qaytarılacaq. Amma Ermənistan hakimiyyəti ictimaiyyəti bu proseslərə hazırlamaq istəmirdi.


Təbii ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi məğlub işğalçı tərəf üçün ağrılı keçəcək. Bu ağrılar işğal siyasətinə meylli olan digər qüvvələrə dərs olmalıdır. Keçən əsrin əvvəllərində qlobal güclər tərəfindən türk dunyasını bölmək üçün yaradılan Ermənistanın 9 min kv.km-lik ərazsi 100 il ərzində 42 min kv.km-ə çatdırılmışdı. Vətən Müharibəsi və ondan sonrakı uğurlu əməliyyatlar nəticəsində Azərbaycan Ermənistanı ən azı son 3 ildə işğal etdiyi 13500 kv.km ərazidən çıxarıb. Bəzən "Dəmir Yumruq", bəzən də siyasi təzyiq ilə. Ermənistan heç vaxt qonşuları ilə sərhədlərin müəyyənləşdirilməsində maraqlı olmayıb. Onilliklər boyu delimitasiya və demarkasiya prosesi "Dənizdən dənizə böyük Ermənistan" ideyasına tamamilə zidd sayılıb. İrəvan 3-cü kapitulyasiya aktını imzalamamaq üçün Azərbaycan ilə sərhədlərinin təyin edilməsinə məcburiyyət qarşısında razılıq verib. Hazırda Ermənistan heç bir qonşusu ilə sərhədlərini tam təyin etməyib. O cümlədən, Gürcüstan və Türkiyə ilə. Mövcud sərhədlər Türkiyə -SSRİ sərhədləridir. Ermənistan isə SSRİ-nin varisi olmadığı üçün Türkiyə-SSRİ sərhədlərinin ona aidiyyəti yoxdur. Rus sərhədçiləri Ermənistandan çıxarılandan az sonra Türkiyənin sərhədlərin müəyyənləşdirilməsini tələb edəcəyi ehtimalı böyükdür.

İranla sərhəd cəmi 40 km-dir, amma o da delimitasiya və demarkasiya olunmayıb. Sadəcə, təbii maneə olan Araz cayının sahilindən keçdiyinə və bu iki ölkənin Turan əleyhinə ortaq maraqlarına görə sərhəd məsələsi arxa plandadır.


Ermənistanın ən uzun sərhədi Azərbaycanın tarixi torpaqlarından keçir və uzunluğu 1007 km-dir. 35 ildən çox sürən işğaldan sonra Ermənistan yalnız Azərbaycan ilə sərhədlərin təyin edilməsində süni canfəşanlıq göstərir. Sərhədlərin müəyyənləşdirilməsi təbii ki, ən mühüm addımdır, bu addım olmadan Ermənistan nə sülh sazişi bağlaya, nə də təhlükəsizliyik zəmanəti əldə edə bilər. Dəfələrlə mətbuatda "Ermənistanın təhlükəsizliyinə zəmanəti Fransa deyil, yalnız Azərbaycan verə bilər" cümləsini işlədəndə, sərhəddə gözlənilən demarkasiya proseslərini də nəzərdə tuturdum.

Hazırda Paşinyanın komandası əvvəlki illərdə eyforiyaya düşən işğalçı rejimlərin səhvlərini ehtiyatla düzəltməyə çalışır. Ermənistan bu prosesdə məğlub durumuna uyğun davranmalıdır. Qalib Azərbaycan müharibə istəmir, yalnız torpaqlarını qaytarmaq və bu torpaqlara vətəndaşlarını köçürmək istəyir. Ermənistanda isə sağlam düşünən insanlar müharibə və sonrakı dövrdəki məğlubiyyətlər seriyasının bitməsini, iqtisadi və hərbi təzyiqlərin başa çatmasını arzulayırlar. Ermənilər pis münasibət qurduqları qonşu dövlətlər tərəfindən mühasirəyə alınmış vəziyyətdə yaşamaqdan, insan, ərazi, texnika itkisi verməkdən, rəqibləri, qonşuları, ənənəvi dostları, məcburi müttəfiqləri və "bədbəxtlik bacıları" hesab edilən ölkələrin vətəndaşları tərəfindən ələ salınmaqdan yorulub. Əhalinin ağıllı təbəqələri ərazi bütövlüyünün tanınması əsasında davamlı sülhün bərqərar olmasını istəyirlər. Sərhədləri müəyyən etmədən buna nail olmağın mümkünsüzluyunu Ermənistan hakimiyyəti nəhayət ki, anlayıb. Amma buna Ermənistan daxilində təxribatlar ilə süni gərginlik yaradan apostol kilsəsini, Ümumerməni Konqresini, daşnakları və “Qarabağ klanı”nı zərərsizləşdirmədən nail olmaq çətindir. Ermənistan əhalisi bu həqiqətləri dərk edib düzgün qərar verməyənə qədər məğlubiyyət sindromunun iztirabları azalmayacaq.


Ermənistan Apostol Kilsəsinə, Ümumerməni Konqresinə və “Qarabağ klanı”na rəhbərlik edənlərin özləri və övladları müharibəsində döyüşmək lazım gələndə yoxa çıxmışdılar. Amma bu gün "Nikol əraziləri Azərbaycana təslim edir" şüarı altında erməni xalqını küçələrə çıxarmağa, yolları bağlamağa, qarşıdurmalara, toqquşmalara səbəb olmağa, hətta vətəndaş müharibəsinə səsləyirlər. Onlar üçün başqalarının övladlarını nəticəsi əvvəlcədən məlum olan müharibəyə təhrik etmək artıq hobbiyə çevrilib. Bu hobbidən ən çox əziyyət çəkən isə baş verənlərin mahiyyətini dərk etməyən ermənilər olur.

Təxribatları maliyyələşdirən erməni kilsəsi “Tovuzqalanın xilası” kimi təqdim etdiyi itaətsizlik aksiyalarına "Azərbaycan əsgərlərinin Əskipara ərazisinə doğru irəliləməsi" barədə şüarlar əlavə edir. Halbuki Azərbaycan Ağdam, Kəlbəcər və Laçında olduğu kimi, özünün erməni silahlılarından təmizlənən ərazilərinə yerləşir. Ərazilərin Azərbaycana aid olduğuna inanmayanlar Ermənistanın Kadastr İdarəsinə sorğu göndərə və bu ərazilərdə müvəqqəti yaşayan əhaliyə torpaq sahələrinin özəlləşdirilməsinə 2016-cı ildən sonra niyə icazə verilmədiyinin səbəblərini soruşa bilərlər.


Ermənistan Azərbaycan ilə indiki vəziyyətdən qarşılıqlı şəkildə məmnun görünür. Çünki Azərbaycan ərazilərini bir güllə atmadan geri alır, Ermənistan üçün isə yeni hərbi toqquşmalar riski son 4 ildə ən aşağı həddə düşüb. İlk dəfədir ki, Ermənistanın addımları Azərbaycanı qane edir, hər iki dövlət ortaq dil tapmağa və öz aralarında vasitəçi olmadan razılığa gəlməyə çalışırlar. İlkin nəticələr ümidvericidir. Bu isə Erməni Apostol Kilsəsinin, daşnakların, Ümumerməni Konqresinin və “Qarabağ klanı”nın maraqlarına ziddir.

Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq Azərbaycan bütün hədəflərinə nail olacaq. Amma Paşinyan komandası ölkə daxilindəki destruktiv daşnak qüvvələri parçalayıb zərərsizləşdirməyənə qədər erməni xalqı iztirablardan qurtulmayacaq. Bu gün mahiyyət etibarilə erməni kilsəsi aşkar şəkildə Ermənistana qarşı terroru dəstəkləyən real qüvvəyə çevrilib. Bu qüvvələrin mövcudluğu Ermənistanın gələcəyini böyük şübhə altına alır.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Ermənistan   Etirazlar  





Xəbər lenti